Libretto müəllifi: Kərim Kərimov
Dirijor – Əyyub Quliyev, Əməkdar artist
Quruluşçu rejissor – Hafiz Quliyev, Əməkdar incəsənət xadimi
Quruluşçu rəssam – Tehran Babayev, Əməkdar mədəniyyət işçisi
Xormeyster – Sevil Hacıyeva, Əməkdar mədəniyyət işçisi
Rəqslərin quruluşu – Nailə Məmmədzadə, Əməkdar artist
Mir Səid – Samir Cəfərov, Xalq artisti
Xanım – Fatimə Cəfərzadə
Əsədulla bəy – Taleh Yahyayev
Rəşid bəy – Fərid Əliyev, Əməkdar artist
Rəna – Səma Həmzəyeva
Gülsüm – Səbinə Vahabzadə, Əməkdar artist
Qasım – Fəhmin Əhmədli
Aşur bəy – Tural Ağasiyev, Əməkdar artist
Məmməd (Kaspar) – Orxan Cəlilov
Bir qrammofon mağazasına köhnə, kasıb görkəmli bir kişi daxil olur və məşhur Qafqaz xanəndəsi Mir Səidin nadir valını almaq istəyir. Amma qiyməti çox yüksəkdir. O, üzüyünü satmaq istəyərkən, Azərbaycandan gəlmiş turistlər mağazaya daxil olurlar. Qoca onların həmyerlisi olduğunu eşidib həyəcanlanır və Bakını 1918-ci ildə tərk etdiyini deyir. Turistlər ondan Mir Səid haqqında danışmağı xahiş edirlər və o, hekayəsini anlatmağa başlayır…
Əsədulla bəyin bağında qulluqçu Gülsüm və qızı Rəna təsərrüfat işləri ilə məşğuldurlar. Rənanın nişanlısı Mir Səidin Parisdən döndüyü xəbəri gəlir. Sevgililər bir-birini sevinclə qarşılayırlar. Əsədulla bəyin qızı Xanım isə Mir Səidin ifasına valeh olur. Mir Səid ona Parisdə buraxılmış valını hədiyyə edir.
Kəndlilər onu sabahkı toy məclisinə dəvət edirlər. Lakin Aşur bəyin əlində qızıl gördükdə, Mir Səid fikrini dəyişir və Əsədulla bəyin qızının ad günündə çıxış etməyə razılaşır. Dostları bu qərardan incik düşür.
Xanım Mir Səidin ifasını valdan dinləyərək düşüncəyə dalıb. Rəşid bəy ona olan sevgisini bildirir, amma Xanım onu rədd edir. Əsədulla bəy daxil olur, qızını təbrik edir və xəstə olduğunu bildirərək onu tez ailə qurmağa tələsdirir. Qonaqlar gəlir və söhbət yarımçıq qalır.
Mir Səid və dostları şənliyə qatılır. Füzuli qəzəlləri səslənir. Rəşid bəy Xanımın Mir Səidə marağını görüb onu alçaltmaq üçün küçə mahnısı “Vay-duy-duy” ifa etməyə məcbur edir. Bu zaman qəfil xəbər gəlir: neft mədənində yanğın baş verib. Əsədulla bəy bu xəbərə tab gətirə bilmir və yıxılır. Ölüm ayağında o, qızına sevdiyi adamla evlənməsinə razılıq verir, lakin Mir Səiddən bir şərt qoyur – xanəndəliyi tərk etməlidir. Mir Səid razılaşır və milyonçu olur.
Rəşid bəy kart oyununda uduzaraq məyusluq içindədir. Bu vaxt Mir Səid və Xanım kazinoya gəlirlər. Rəşid bəy qisas almaq üçün Mir Səidin valını qrammofona qoyur, amma onu təhrif edərək hər kəsin gülüşünə səbəb olur. Qəzəblənən Mir Səid valı sındırır və keçmişini unutmaq üçün bütün vallarını toplatdırmaq qərarına gəlir.
Qoca hekayəsini bitirir. Turistlər başa düşürlər ki, bu adam elə Mir Səidin özüdür. Ona valı almaqda kömək edirlər. Lakin o anda mağazaya girən gənclərin qeyri-ciddi rəqsi nəticəsində val qırılır. Mir Səidin keçmişinə aid son iz də yox olur...