Dirijor – Cavanşir Cəfərov, Xalq artisti, professor
Quruluşçu rejissor – Cənnət Səlimova, Xalq artisti, professor
Rejissor – Hafiz Quliyev, Əməkdar incəsənət xadimi
Quruluşçu rəssam – Tahir Tahirov, Xalq rəssamı
Xormeyster – Sevil Hacıyeva, Əməkdar incəsənət xadimi
Kanio – Adil Axundov
Nedda – Fatimə Cəfərzadə
Tonio – Anton Ferştandt, Əməkdar artist
Silvio – Rza Xosrovzadə
Beppo – Fəhmin Əhmədli
Kəndlilər – Tural Ağasiyev, Əməkdar artist; Xalid Daşdəmir
Tonio kloun libasında səhnəyə çıxaraq tamaşaçılara müraciət edir. O bildirir ki, indi izləyəcəyiniz ağrı və iztirablar saxta deyil — bunlar həyati və gerçək hisslərdir. Axı aktyor da insan kimi sevə, nifrət edə bilər; təlxək libasının altında odlu bir ürək döyünür.
Kiçik bir italyan kəndinə səyyar aktyor truppası gəlir. Kəndlilər onları sevinclə qarşılayır və tamaşadan öncə meyxanaya dəvət edirlər. Kanio və Beppo bu dəvəti məmnuniyyətlə qəbul edir, Tonioya da qoşulmağı təklif edirlər. Lakin truppanın rəhbəri olan Kanionun əvvəllər onu təhqir etməsi səbəbilə Tonio bu dəvəti rədd edir və ürəyində ona kin bəsləyir.
Kanionun qısqanclığı səbəbsiz deyil – Nedda bu kənddə yaşayan Silvionu sevir. Tək qalan Nedda onunla görüşə can atır.
Bu zaman gizlincə onu izləyən Tonio da Neddaya öz sevgisini etiraf edir. Nedda eybəcər klounun etirafını lağa qoyaraq güldüyündə, bu Tonioya qamçı kimi təsir edir. Qəzəblənən Tonio intiqam hədəsi ilə çıxıb gedir.
Daha sonra Silvio görünür. O, Neddanı səmimi və dərin bir məhəbbətlə sevir. Təhlükəyə məhəl qoymadan onunla görüşə gəlir və onu bu sərsəri həyatdan uzaqlaşıb birgə qaçmağa razı salmağa çalışır.
Birdən Kanionun qəzəbli səsi eşidilir. Tonio, Neddaya hirsləndiyindən, onun Silvio ilə görüşdüyünü Kanioya xəbər verib. Silvio qaçmağa müvəffəq olur. Kanio Neddaya kimlə görüşdüyünü söyləməsini tələb edir, lakin Nedda susur. Kanio bıçaqla onun üstünə hücum çəkir, amma Beppo onu saxlayır. Tonio isə Kanionu sakitləşdirərək, qaçan şəxsin mütləq tamaşaya gələcəyini və özünü büruzə verəcəyini bildirir.
Axşamdır. Tamaşa başlayır. Səhnədə oynanan komediya real həyatda baş verənlərlə üst-üstə düşür. Taddeo (Tonio) Kolombinaya (Nedda) aşiqdir, lakin o Arlekinə (Beppo) üstünlük verir. Aralarında keçən dialoq və vida sözləri Kanionu sarsıdır — çünki eyni sözləri Nedda da Silvioya söyləmişdi.
Kanionun içindəki qısqanclıq yenidən alovlanır. Emosiyalarına hakim ola bilməyən Kanio səhnədə Neddanı bıçaqlayaraq öldürür. Onun fəryadına səhnəyə atılan Silvio da Kanio tərəfindən öldürülür.
Tamaşanın sonunda Tonio səhnəyə çıxaraq dəhşət içində qışqırır:
"Komediya bitdi!"